Bütün sənətsevərləri və yaradıcılığımla ilk dəfə tanış olanları salamlayıram!
Asadart.az saytımı sizə təqdim etməkdən məmnunam.
Bu sayt yaradıcılıqla süslənmiş, hər kəsi incəsənət aləminə daha da yaxınlaşdıra biləcək bir yerdir. Yaradıcılığımla, dünyabaxışımla, fikrirlərimlə bağlı nə varsa, hamısını asanlıqla tapa bilməyiniz üçün onu mümkün qədər əlverişli və məlumatlı etməyə çalışmışam.
Yaradıcılığa başlayandan bəri çəkdiyim bütün rəsmlər buradadır. Hər bir rəsm qeydlərlə müşayiət olunur ki, siz onun tarixçəsini və ideyasını dərindən anlaya biləsiniz. Rəssamlıq aləmində baş verənlər haqqında fikirlərimi bölüşəcəyəm, incəsənətin aktual mövzuları müzakirə edəcəyəm, yaradıcılıq prosesləri haqqında danışacağam və ilhamın yeni hüdudlarını axtaracağam. Ünsiyyət və yeni tanışlıqlar incəsənətdə mühüm amildir. Saytda istedadlı insanlarla görüşlərdən, onların yaradıcılığından, məni ruhlandıran əsərlərdən, bu görüşlərdən qaynaqlanan yeni ideyalardan bəhs edəcəyəm. Sizi eşitmək, nəyin sizi təsirləndirdiyini, nəyin ruhlandırdığını və nə haqqında daha çox öyrənmək istədiyinizi öyrənmək mənim üçün vacibdir. Sayt canlı ünsiyyət imkanı verir – şərhlər yaza, suallar verə və müzakirələrdə iştirak edə bilərsiniz. Saytın əsas funksiyalarından biri də yeni əsərlərimin dərci olacaq. Mənim yeni rəsmlərimi ilk görən, gələcək layihələrimdən ilk xəbər tutan və hətta bəyəndiyiniz əsərlərimi alan siz olacaqsınız.
Saytın yaradılması mənim yaraıdıcılıq yolumun vacib hissəsi oldu. Bu, sadəcə, rəsmlərimin nümayişi üçün platforma deyil, həm də mənimlə sizin aranızda əsl körpüdür. Mən istəyirəm ki, bura ruhlandırıcı dialoq, fikir və bilik mübadiləsi məkanına çevrilsin. Mənim üçün incəsənət təkcə özünüifadə yolu deyil, həm də gözəlliklər və emosiyalar vasitəsilə insanları birləşdirmək imkanıdır.
Bu, sadəcə, başlanğıcdır. Saytın məzmununun müntəzəm yenilənməsini, onlayn-sərgilərin, ustad dərslərinin və interaktiv tədbirlərin təşkilini planlaşdırırıq ki, bunlar da sizin hər birinizə mənim sənətimlə tanış olmaq imkanı verəcək.
Əsəd Əsgərov


